al-Haqqah (الحَاقَّة)

Vasim M. and Ziya B. - Vasim M. and Ziya B.

Chapter 69 • 52 verses • Meccan

← Previous Chapter Next Chapter →
69:1 Haqq olan qiyamət!
69:2 Nədir qiyamət?!
69:3 Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
69:4 Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
69:5 Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
69:6 Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
69:7 Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
69:8 İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
69:9 Fir’on da, ondan əvvəlkilər də, alt-üst olmuş Mö’təfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
69:10 Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
69:11 Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
69:12 Ona görə ki, bunu (mö’minlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
69:13 Sur bircə dəfə üfürüləcəyi;
69:14 Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
69:15 Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
69:16 Və (göy) süst düşüb parçalanacaqdır!
69:17 Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
69:18 O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
69:19 Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!
69:20 Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”
69:21 Bundan belə o, xoş güzəran içində,
69:22 Yüksək bir Cənətdə olacaqdır.
69:23 (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (mö’minlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
69:24 (Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”
69:25 Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!
69:26 Hesabımın nə olduğunu bilməyəydim!
69:27 Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
69:28 Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
69:29 Mülküm (səltənətim) də məhv olub getdi!”
69:30 (Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!
69:31 Sonra da Cəhənnəmə atın!
69:32 Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
69:33 Çünki o, böyük olan Allaha inanmırdı.
69:34 O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
69:35 Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
69:36 İrindən başqa bir yeməyi də yoxdur.
69:37 Onu ancaq günahkarlar yeyər!”
69:38 And içirəm gördüklərinizə,
69:39 Və görmədiklərinizə ki,
69:40 Bu (Qur’an) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
69:41 O, şair sözü deyildir! Nə az inanırsınız!
69:42 O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
69:43 O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
69:44 Əgər o (Peyğəmbər) özündən bə’zi sözlər uydurub Bizə isnad etsəydi,
69:45 Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
69:46 Sonra onun şah damarını qopardardıq!
69:47 Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
69:48 Şübhəsiz ki, bu (Qur’an) müttəqilərə bir öyüd-nəsihətdir.
69:49 (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
69:50 Şübhəsiz ki, bu (Qur’an) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
69:51 Doğrudan da, bu (Qur’an) gerçək bir həqiqətdir.
69:52 Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!